Bugün sizə Aydana verdiyim yuxu təlimindən bəhs edəcəyəm. Bu mövzu haqqında iki yazı yazacağam:
ilki, Aydana gecələr yatmağı necə öyrətdim, digəri isə ona öz-özünə yuxuya getməyi necə öyrətdim. Başlayaq doğulduğundan bəri gündüzlər mışıl-mışıl yatıb gecələr mənə qan udduran, səhər tezdən işə getməli olan atasını yuxu üzünə həsrət qoyan, axşamüstü 5-6 radələrində oyanıb gecə saat 4-5- dən, hətta bəzən 6-7dən tez yatmayan Aydanın ilk təlim macəralarından. İlk 3 ay dedim ki, körpədir, hələ bu dünyaya təzə gəlib, öyrəşməyə çalışır, dəyməyim, incitməyim, 4-5 ayından başlayaram ona nəyisə öyrətməyə. Odur ki, aylarla gecə 5-6da yatıb günorta 4-5də ancaq dururduq. Bəxtim gətirdiyi günlərdə bu qədər saat ancaq yeyib yatırdı, bəxtim gətirmirdisə, arada oyanıb yenə 2-3 saat oyaq qalırdı. Bir-iki dəfə olub ki, qoymuşuq ağlasın 15 dəqiqə bəlkə öz-özünə yuxuya gedər, amma 40 dəqiqə bezmədən ağladığı olub. O gecələri, o gecələrdə mənim ruh halımı, mənəvi və fiziki yorğunluğumu sözlərlə ifadə etmək olduqca çətindir. Oturub Aydanla birlikdə hönkür-hönkür ağladığım da olub, onu səbrlə yatırdıb sonra tək ağladığım da olub, "Ay Allah, mən kimə nə pislik etmişəm ki, məni belə cəzalandırırsan?" deyə üsyan etdiyim də olub. Düşünün, bir körpənin sakitləşməsi üçün nə bilirdimsə, nə deyilirdisə, nə oxuyurdumsa, hamısını edirdim, amma heç bir şey nəticə vermirdi, qucaqda gəzdirməkdən başqa. Bələyirdim, 15 dəqiqə sonra bələyi açıb tökürdü, musiqini vecinə almırdı, qucaqda uzandırıb gəzdirirdik, 5 dəqiqə yuxuya gedirdi amma yerə qoyan kimi yenə oyanıb ağlayırdı, nə lay-lay oxumaq, nə ayaqda yellətmək, nə yüngülcə sinəsinə əlimi vura-vura kuş-kuşlamaq, sığallamaq, əzizləmək və daha nələr-nələr ya heç bir nəticə vermirdi, ya da 10-15 dəqiqəlik nəticələr verirdi. Gün olurdu ki, 12-15 saat ərzində cəmisi yarımca saat yatırdı. O zamanlar özümü çox çarəsiz hiss edirdim, elə bilirdim ki, mən yaxşı ana ola bilmirəm, qızım bizdən nə isə istəyir, nə isə dərdi var, amma mən başa düşüb onun ehtiyacını ödəyə bilmirəm və ona görə o, həmişə narazıdır məndən. Psixoloji baxımdan ilk 4 ay mənim üçün çox əziyyətli keçdi. Aydan 4-cü ayını tamamladığı gün dedim ki, daha belə olmaz! Artıq kifayət qədər böyüyüb və təlimlərə başlaya bilərəm. Açığı deyim ki, 3-cü aydan sonra da belə düşünürdüm, amma internetdə oxuduğum və izlədiyim məlumatlara əməl edəcək mənəvi və fiziki gücüm, motivasiyam yox idi, ona görə də 1 ay birtəhər özümü toplamağa çalışdım və 5-ci ayın ilk günündən etibarən qərarlı şəkildə fəaliyyətə başladım. Ətrafımdakı təcrübəli gənc analardan məsləhət aldım və yuxu dərmanı istisna olmaqla, 99.9% hamı eyni üsulu tövsiyə etdi. Qeyd edim ki, Aydanın yatmadığı vaxtlarda yuxu dərmanı ətrafında xeyli məsləhət-müzakirə olmuşdu, amma sonda ürəyimiz gəlmədi körpəyə dərman verməyə. Belə ki, çoxsaylı metod məsləhətinin xülasəsi, körpəni gündüzlər oyaq tutmaq, oynamaq, qısa yuxular yatmasına icazə vermək, onunla oynayaraq, gəzməyə çıxardaraq gündüzü başa salmaq, axşam 6-dan sonra yatmasına icazə verməyib birtəhər oyaq tutmaq, xeyli yormaq və 11 radələrində gecə yuxusuna yatırmaq idi. Bu metodda bəzi məqamlar mənim internetdə pediatrlar və ya körpə yuxusu təlimçilərindən aldığım məlumatlarla zidd olsa da, təcrübə daha əsasdır deyə ilk gün yuxarıda deyilənlərə əməl edərək sınaq keçirdim. Həmin gün anladım ki, Aydan əslində tez götürümlü uşaqdır, çünki ilk gündən xeyli irəliləyiş qət etdik. Amma təbii ki, hər körpə individual olduğu üçün heç bir metod hər körpəyə eyni dəqiqliklə işləmir, ona görə də səhəri gün artıq Aydanın verdiyi işarələr əsasında qrafikdə dəyişikliklər etdim və bir neçə gün ərzində artıq günlük rutinimiz formalaşdı. İlk günlər gecə saat 2-yə qədər oyaq qalırdı, 3-4 gün sonra 2 oldu 1, 1 oldu, 12, 12 oldu 11. Yəni 2-3 həftə ortalama bu templə yatıb-durduq. Düzdür, bu günümüzə də şükür deyirdim, amma Aydanın axşam 11-də yatması məni qane etmirdi. Çünki pediatrların məsləhəti və YouTube-da izlədiyim anaların etdikləri əsasında görürdüm ki, bu yaşda uşaqlar 10-dan gec olmamaq şərtilə, ən arzuolunanı isə axşam saat 7-8 arasında yatmalıdırlar. Çünki bu yaşda körpələrin böyüklər kimi gecə 7-8 saat deyil, 10-12 saat yuxuya ehtiyacı var. Amma nə etdimsə, Aydanı axşam o saatlarda uzun yuxuya yatıra bilmədim. O saatda yuxusu gəlsə də, yatıb 1 saat sonra dururdu və bir də 1-2də yatırdı. Belə ki, ilk başlarda Aydanın gündəlik yuxu rejimi belə formalaşdı: 1. Səhər 7-8 radələrində özü oyanırdı; 2. Oynayırdıq, qucağımda gəzdirirdim, onunla danışırdım, qıdıqlayırdım, oyun döşəkcəsinə uzadırdım, aktivlik zamanı olduğunu başa düşsün deyə. Ya gəzməyə çıxırdıq, ya da pəncərəni açırdım ki, bayırda aydınlıq olduğunu görsün, və danışaraq da bunu ona başa salırdım. 3. İlk yuxusu 1.5-2 saat sonra gəlirdi adətən. Yeyib yatırdı. 4. Bu yuxunu nə qədər istəyirsə yatmasına icazə verirdim, təxminən 2.5 saat yatırdı. 5. Sonra yenə 2-ci punktdakı fəaliyyətləri yerinə yetirirdik. 6. İkinci gündüz yuxusu 2-2.5 saat sonra gəlməyə başlayırdı. Yeyib yatırdı. 7. Bu yuxunun 1, maksimum 1.5 saatdan çox olmamasına çalışırdım. Çox yatırdısa, otağına girib danışırdım, şkafları, qapıları açıb, otaqda iş görərək səs salırdım, Aydanın adını çağıraraq onu oyatmağa çalışırdım. Reaksiya vermirdisə, üstünü açırdım, bədənini sığallaya-sığallaya zorla da olsa oyadırdım. 8. Yenə aktivliklərimizi yerinə yetirirdik. 9. Aydan 3-cü yuxunu da yatırdı mütləq. Bu yuxu adətən 20-40 dəqiqə arası olur və mənim müdaxiləmə ehtiyac qalmadan özü oyanırdı. 10. Bura qədər hər şey əla olsa da, çox təəssüf ki, gecə yuxusu ancaq 4-5 saat sonra gəlirdi, yuxusu gəlməyə başlayandan sonra 2 saat əsnəmək prosesi, qaz çıxartmaq, hıçqırmaq, oynamaq, pampersi batırmaq, qarnı üstə uzanıb oynamaq, asqırmaq, öskürmək - yəni hər şey baş verirdi, təki yatmaq olmasın. :))) **Gecələr təbii ki, oyanırdı, adətən, yeyib yatırdı, bəzi bəxtim gətirməyən günlərdə 1-2 saat oyaq qalırdı, amma ağlamırdı, özü üçün oynayır, mırıldanırdı. Qətiyyən onu oynatmırdım, üzünə gülmürdüm, işığı yandırmırdım. Sadəcə ağlamağa başlayanda qucağıma alıb sakitləşdirirdim. Əslində bu rejim sayəsində mən də bir az özümə gəldim, mənim də yuxu rejimim düzəldi və səhərlər tez durduğum üçün daha məhsuldar bir gün keçirməyə, gün ərzində özümü daha gümrah hiss etməyə və gecələr də yuxum daha tez gəlməyə başladı. Tam da Aydanı özü yuxuya getməyə öyrətmək haqqında düşünməyə başlayırdım ki, bütün əməklərimi boşa çıxaran bir hadisə baş verdi: Aydan soyuqladı, xəstələndi, öskürək, az-maz qızdırma, burun axması, beləcə Aydanın gün ərzində kefsiz, narahat olması, çox yatmaq istəməsi, xəstədir deyə nə vaxt və nə qədər istədi yatmağına icazə verməyimlə 10 gün bu rejimsizlikdə hər şey yerlə bir oldu. Yenə başlandı gecə 3-4də yatmaqlar, və ən pisi də məhz bu periodda baş verdi. Aydan qucaqda yatmağa, əmərək yuxuya getməyə, və ayaqüstə gəzərək, yellənərək yemək yeməyə öyrəşdi. Bunlardan asılı hala gəldiyi üçün normalda gecələr 3-4 saat aralıqsız yatan Aydan indi hər yarım və ya 1 saatda bir oyanıb ağlamağa, sinə əmməyə başladı. Elə olurdu ki, 15-20 dəqiqədən bir də oyanırdı. 2 saata ancaq yuxuya gedirdi, onu qucağımda gəzdirməkdən kürəyimdə donqar çıxmışdı üç günün içində, gün ərzində də mız-mızlanmaq sədaları dayanmırdı. Bunlar da mənim əsəb sistemimi iki gündə məhv etdi və məndə bir çimdik də olsa, səbr qoymadı. Bu problemlərlə necə başa çıxdığımı, yenidən necə özümüzə döndüyümüzü də növbəti yazımda paylaşacağam. Çünki prosesə iki gündür başlamışam və bir müddət də nəticələri müşahidə edib sonra sizinlə paylaşmaq istəyirəm. Allah hamımıza səbr və iradə versin! Körpələrimizi "happy baby" edə bilmək üçün indi ehtiyacımız olan bunlardır! Hörmətlə, Aytən H. Qədirova
0 Comments
Kimiləri adi yanaşsa da, mənim türklər demiş çox “kafama takdığım” bir nüans oldu hamiləlik dövrü ərzində yediklərim. Hər dəfə ağzıma nəsə ziyanlı olduğunu bildiyim bir qida aparanda ürəyimdə vicdan əzabı çəkirdim. Yaxud da bəzi qidaların ziyanı nə qədərdir bilmədiyim üçün qərarsız qalırdım və bütün gün fikir çəkirdim hərdən ki, “görəsən, onu yeməklə düz etdim ya yox?”. Hamilə olduğumu öyrəndikdən sonra ilk etdiyim şeylərdən biri internetdə dərin araşdırmalar etmək oldu bu barədə. Bu zaman bir şeyin fərqinə vardım ki, “sağlam qidalanmaq lazımdır”, “filan-filan vitaminli qidaları gündəlik yemək rasyonunuza mütləq daxil etməlisiniz”, “filan tərkibli atışdırmalıqları yeməklər arası qəbul edərək aclığınızı yatışdıra bilərsiniz”, “enerji dəyəri yüksək qidalar gündəlik olaraq özünüzü daha gümrah hiss etməyinizə kömək edəcək” və s. tipli məlumatlar, məsləhətlər ürəyiniz nə qədər istəyir var. Amma həmin o sözü gedən vitaminlər hansı ərzaqların tərkibindədir tipli məlumatlar təəssüf ki çox az rastıma çıxırdı. Ona görə də belə bir yazı hazırlamaq və asan və izahlı şəkildə sizlərə menyu ideyaları təqdim etmək qərarına gəldim. Onu qeyd edim ki, əgər xüsusi qidalanma tələb edən hansısa bir xəstəliyiniz varsa, onda bu səhifəni bağlayın və qidalanma rejiminiz barədə mütləq həkimizlə məsləhətləşin. Başlayaq: - Əsas məqam odur ki, gün ərzində müntəzəm olaraq qidalanmaq lazımdır, yəni, 3 əsas yemək və əlavə olaraq onların arasında məzələr və ya yüngül qəlyanaltılar. Saatlarla heç nə yeməmək, ağızı boş qoymaq məsləhət deyil. - Gün ərzində çalışın, bu 4 qida qrupundan mütləq nə isə yeyəsiniz: Meyvə-tərəvəz, taxıl məhsulları, süd və süd məhsulları, ət və ət məhsulları. - Rəngarəng meyvə və tərəvəzlər yeməyə diqqət göstərin: Gün ərzində ən azı bir ədəd tünd yaşıl və bir ədəd narıncı rəngli tərəvəz yeməyə çalışın. Məsələn, brokkoli, ispanaq, kahı, kök, balqabaq və s. - Əgər çiy yeyə bilmədiyiniz tərəvəzlər varsa, onları yeməklərinizə qatmağı sınayın. Məsələn, balqabaqlı aş, ispanaqlı evdə hazırlanmış pizza, tərəvəzli şorba, salat, meyvə kompotu, arasında pomidor, xiyar və kahı qoyulmuş sadə sendviç. Yeri gəlmişkən, mənim arada, xüsusən də, gecə saatlarında aclığımı yatışdırmaq üçün ən çox yediyim qəlyanaltı məhz bu son sendviç idi. Çox vaxt çörəyə ya smetan çəkirdim, ya da sendviçə pendir də əlavə edirdim. - Taxıl məhsullarını “kökələrəm” deyib menyudan çıxartmayın. Onlar nişasta və şəkər tərkibli olmaqla sizin enerjinizi artırır və sahib olduqları B qrupu vitaminləri, dəmir, sink, maqnezium (hamiləlikdə ən çox rast gəlinən ayaqlarda qıcolma/kramp probleminin həlli üçün ən lazımlı vitamin), E vitamini və liflər sayəsində sinir, qan-damar və həzm sisteminin inkişafı və düzgün fəaliyyət göstərməsində əvəzsiz rol oynayır. - Buna təəccüblənəcəksiz bəlkə də, amma bilin ki, çox yağlı və bol souslu olmadıqları təqdirdə xəmir xörəkləri, çörək və düyü çəki artımına səbəb olmurmuş. Yəni oturub bir iri qab xəngəli yesəniz, üstündə yağda qovrulmuş soğan, ət və sarımsaq-qatıq, bəh bəh bəh... cənnət həzzi.. Zarafatsız, olsaydı, mən də yeyərdim )) Amma bu çəkiyə gedəcək. Əksinə, sadəcə suda qaynadılmış və üzərində 0%li qatıqla yeyilən bir porsiya makaronun heç kəsə bir ziyanı yoxdu. - Bu qrupdan olan ərzaqlara misal olaraq, tam buğda çörəyi, yulaf/yarma (səhər yeməyində südə qatıb yeyə bilərsiniz), qəhvəyi düyü, kəpək çörəyi və ya maffin, qarabaşaq/qreçka və s. göstərə bilərik. - Kalsium, fosfor və proteinlə zəngin olaraq sümüklərin, dişlərin, orqan və əzələlərin inkişafını təmin edən süd və süd məhsulları. Məsələn, süd, qatıq, pendir, kefir, şor, qısacası ağartı məhsulları olaraq bilinən qidalar. Hətta dondurma da bu kateqoriyaya daxildir. - Süd məsələn, səhər yeməyində nesquik və ya yulafla əla gedir, süd içə bilməyənlər meyvəli “milkshake” hazırlayıb içə bilər, həzmi nisbətən çətin yəməklərin yanında mütləq qatıq və ya ayranınız olsun, doğramac/ovduq çox əla seçim ola bilər, səhər yeməyində təndir çörəyi və şor böyük xoşbəxtlikdir məsələn. Məncə sağlam qidalanmaq o qədər də darıxdırıcı deyil ))) Mən hamiləliyim boyunca süd (0%-li), qatığ (0%-li) və ya pendiri gündəlik olaraq yedim. Özəlliklə, yeməyin dozasını türklər demiş, “fazla kaçırdığımda” üstündə mütləq qatıq yeyirdim və ya ayran içirdim həzmi asanlaşdırdığı üçün. - Ət və ət məhsulları, protein, dəmir və Omega-3 və Omega-6 mənbəyi. Gün ərzində günorta və ya axşam yeməklərinizin ən azı birində bu qidaların olması arzuolunandır. Variantlara mal əti (çəkilmiş və ya tikə), toyuq, balıq, ətə alternativ olaraq eyni vitaminlərlə zəngin paxlalılar (lobya, noxud, mərci), yumurta, ləbləbi (qoz, fındıq, badam, kişmiş, quru qaysı, xurma, günəbaxan toxumu, balqabaq tumu və s.), fıstıq yağı (əgər fıstığa allergiyanız yoxdursa) daxildir. - Nəzərinizdə olsun ki, ət və ət məhsulları, eləcə də yumurta yaxşı və tam bişmiş olmalıdır. İlıq yumurta və sarısı axan “qlozok” yumurta sevənlərədir sözüm )). Ən yaxşı balıq alternativi isə Omega-3 ilə dolub-daşan qızılbalıqdır (salmon). Öz təcrübəmə gəldikdə isə, ət və ya balıq yemədiyim günlərdə belə qoz və badamı əlimin altından heç əskik etmədim. Çünki hər gün ət ya balıq da yemək olmur 9 ay, adam iyrənir)))) Ona görə alternativlər mütləq gündəlik rasiona daxil edilməlidir. Qoz da əla omega-3 mənbəyidir və özümü halsız, sönmüş hiss edəndə 4-5 ədəd qoz yeməklə gözlərimə işıq gəlirdi. Yanında kişmiş və ya iran xurması da yeyə bilsəniz bütün gün turp kimi olacaqsız. Beləliklə, bu yazını burada bitirim deyirəm. Hamiləlikdə qidalanma olduqca geniş mövzudur. Qeyd olunanlardan əlavə toxunmağımı istədiyiniz spesifik məqamlar (məsələn, yemək ideyaları, və ya dəqiq gündəlik menyu və s.), suallarınız, paylaşmaq istədiyiniz fikirləriniz varsa, buyurun, blogumun qapısı üzünüzə daima açıqdır. Hörmətlə, Aytən H. Qədirova
Psikolojik durumlar ne alemde?.. Səbirsizliyin ən pik nöqtəyə çatdığı gündür bu yəqin ki. Çünki hələ hamiləliyin ilk rübündəki ultrasəs müayinəsində həkim sizə deyir ki, son tarix 28 iyuldur. Siz də ailəlikcə o günü dörd gözlə gözləyirsiz aylardır, bugün də o gündür, gəl gör ki, körpənin yeri bətninizdə yaman rahatdır. Amma sizə özümün də əməl etmək üçün böyük səylə çalışdığım bir məsləhət deyim: Keep calm and relax! ))) Dincliyinizi qoruyun və özünüzü rahat buraxın! Çünki əslində beynimizdən ifraz olunan hormonların da doğumun başlamasına böyük təsiri var. Siz daima doğum barədə düşünüb nigaran qaldıqca, səbirsizləndikcə, gərginləşdikcə, doğum da o qədər ləngiyir. Ona görə də bu günlərdə çalışın sizi rahatladan, fikrinizi yayındıran məşğuliyyətlərə daha çox vaxt ayırın: özünüzə qulluq, təmiz havada yeriyiş, sevdiyiniz musiqi alətində saatlarla ifa etmək, yoldaşınız və da rəfiqələrinizlə evdən kənarda vaxt keçirmək, ilıq bir duş, insanın əhvalını qaldıran filmləri izləmək və daha neçə-neçə insandan-insana dəyişən yolları var özünü rahatlatmağın. Məncə, artıq YouTube-da bloqerlərin paylaşdıqları doğum videoları, epidural anesteziya, normal doğum, hamilə çantamda nələr var, travmatik doğum hekayəm, doğumda və sonrasında başıma gələnlər mövzulu videoları da izləməyi dayandırın!!! Yəni şəxsi təcrübəmə dayanaraq deyim ki, 39-cu həftəyə qədər bunlar beyinə informasiya yığmaq xarakteri daşısa da, 39-dan sonra hələ də gözləmə mövqeyindəsinizsə, artıq bu videolar sizi streslə yükləməkdən başqa bir işə yaramır. Bu ərəfələrdə sözsüz ki, sizinlə və körpənin gəlib-gəlmədiyi ilə hər gün maraqlanan yaxınlar-dostlar olacaq. Təbii ki, 10 gündür hər gün eyni suala dəfələrlə eyni cavabı vermək məcburiyyətində qaldığınız üçün bir az özünü pis hiss edə bilərsiniz, amma tövsiyəm, bu sualları çox da ürəyinizə yaxın buraxmayın. İşə "məni çox istəyən nə qədər insan var?!" tərəfdən yanaşın və "hələ də gözləyirik nazlı balanı" cavabı ilə kifayətlənib mövzunu dəyişin. Əgər "eeey, ah, uufff, puuff, nə vaxt gələcək bu uşaq??" deyə həm öz beyninizi yeyib, həm də ətrafdakılara gileylənsəniz, bütün gün elə o negativ enerji "modu"nda da qalacaqsınız. Qısacası, mən bu son 2 həftədə yaşadıqlarımdan, daha doğrusu, hiss etdiklərim və fikirləşdiklərimdən belə nəticəyə gəldim ki, bu son günlər bizim psixologiyamız korlanmağa türklər demiş, gayet müsait. Ona görə də, öz qayğınıza ən çox qalmalı olduğunuz, ətrafınızdakıların da sizin həyəcanınıza ən çox anlayış göstərməli olduğu zamanlardır bunlar. Son bir məqama da toxunaraq, bu mövzunu yekunlaşdırıram. Təkcə hamiləlikdə deyil, ümumiyyətlə, insan beynini ən rahatladan, onu həm yoraraq artıq fikirləri unutduran, həm də enerji verən üsullardan biri təbii ki, idmanla məşğul olmaqdır. Sizinlə paylaşdığım bu videoda isə bədəninizi normal doğuma hazırlamağa kömək edən, ev şəraitində çox asanlıqla edə biləcəyiniz bir neçə idman hərəkətləri göstərilir. Olduqca sadə və təhlükəsiz olan bu hərəkətlərə elə bugündən başlayaraq gündə bir 10-15 dəqiqənizi ayırın. Əgər gecələr çətin yuxuya gedirsinizsə, bunları etdiyiniz günün gecəsi başınızı yastığa qoyan kimi mışıl-mışıl yatacaqsınız. Bir də burada moruq yarpağı çayınında doğuma hazırlıq üçün bir vasitə olduğu deyilir. Bircə onu sınamamışam, amma bugündən başlayacam. Bəs siz son həftələrinizdə ən çox hansı fikirlərdən əziyyət çəkirdiniz və bunların öhdəsindən necə gəlirdiniz? Fikirlərinizi bölüşməyi unutmayın ;) Hörmətlə, Aytən H. Qədirova
Bugün sizinlə bir az hamiləliyin ən hit məsələsi barədə danışmaq istəyirəm; bəzi xanımların qorxulu yuxusu, bəzilərinin isə heç vecinə də almadığı bu qəliz, həm də vacib məsələ ÇƏKİ ARTIMIdır. Əvvəlcə onu qeyd edim ki, hamiləlikdə çəki artımı qaçılmaz bir hadisədir, buna bütün ana olmağı istəyən xanımlar hazır olmalıdır. Yəni əvvəldən özünüzü psixoloji baxımdan hazırlayın ki, hamiləlik dövründə onun hirsini, stresini çəkmək sizə və körpənizə qətiyyən lazım deyil. Bunun üçün sizə tək şey bir deyə bilərəm ki, hamiləlikdə əksinə kökəlməmək anormallıqdır, həkimlər qeyd edirlər ki, çəki artımı olduqca arzuolunandır. Sağlam qidalar yemək şərtilə aclığınızı yatıracaq qədər yemək yemək sizin və körpənizin tələbatlarını ödəmək üçün mütləqdir. Burada söhbət “Sən artıq iki canlısan, iki nəfərin yerinə yeməlisən”dən getmir qətiyyən, mədəniz tutan və doyduğunuz qədər yeməlisiniz. Dieta saxlamaq olmaz! O ki qaldı, kimisi çox kilo alır, kimisi az, bu tamamən, orqanizmdən asılıdır. Hər bir qadının orqanizmi fərqli fəaliyyət göstərdiyi üçün hamımız fərqli miqdarda çəki artımı ilə tamamlaya bilərik bu periodu. Onu da deməliyəm ki, hamiləliyin ilk həftələrində, hətta ilk trimestrda (ilk 3 ayda) ürəkbulanma və qusma halları ilə əlaqədar çəki itkisi ola bilər ki, bu sizi çox da narahat etməsin. Çəki ilə əsas göstəricilər hamiləliyin irəliləyən dövrlərində daha müntəzəm olacaq. Söhbəti çox uzatmadan ilk öncə sizinlə aşağıda gördüyünüz çox maraqlı çəki artımı faktları barədə danışıb, ordan da qısaca bu mövzu barədə öz təcrübələrimi paylaşmaq istəyirəm. Bu şəkildə hamiləliyin 40 həftəsi ərzində 12.5 kq artmış olan çəkinin orqanizmdə necə paylandığı gözəl izah olunur. 12 kq belə qulağa dəhşətli artım kimi gəlsə də, bu şəkli görəndən sonra adamın ürəyi yerinə gəlir )))) 1) Maternal fat reserves: 3.345 q (27%) – analıqla əlaqədar olaraq bədəndə əmələ gələn yağ ehtiyatları; 2) Uterus: 970 q (8%) – Uterus, yəni uşaqlıq, və ya ana bətni adlandırdımız, el arasında “matka” olaraq da bilinən, içində körpəmizin böyüdüyü orqan; 3) Amniotic fluid: 800 q (6%) – Bətnin içərisində olan və körpəni əhatə edən amniotik maye; 4) Extravascular fluids: 1.480 q (12%) – Qan və ya limfa damarlarına daxil olmayan, onlardan kənarda bədənimizdə toplanan suyun miqdarı; 5) Breasts: 405 q (3%) – Süd vəzilərinin inkişafı ilə əlaqədar böyüyən sinələr; 6) Placenta: 650 q (5%) – Cift; 7) Baby: 3.400 q (27%) – Körpənin çəkisi; 8) Blood: 1.450 q (12%) – Qan. Bu mənim hamiləliklə əlaqədar indiyə qədər qarşıma çıxan ən informativ fakt idi bəlkə də. Çünki çəkini sadəcə yeməkdən qazanmadığımızı, biz yeməkdən çəkinsək də, bu kilonu alacağımıza 100% zəmanət verən faktlardır bunlar. Şəxsi təcrübəmə gəlincə: Mən hamiləliklə bağlı ilk dəfə həkimlə 11-ci həftədə görüşdüm. Bu zaman çəkim 57 kq göstərsə də, ondan cəmi 3 həftə sonrakı ziyarətimdə 54 kq göstərdi tərəzi. Düzdür, buna tibb bacısı özü də təəccübləndi, fikirləşdi ki, bəlkə ilk dəfə çəki ölçümündə nəsə yalnışlıq olub, o məsələ eləcə qaranlıq qaldı)). Amma sonradan bu barədə məlumatlandıqca belə bir nəticəyə gəldim ki, böyük ehtimalla çəkidə hər şey doğru idi və çəki itkisi ilk trimestrdə mənim canıma od qoyan ürəkbulanma və qusma halları ilə əlaqədar yediyimin qayıtması və ürəkbulanmaya səbəb olduğu üçün iştahla hər yeməkdən yeyə bilməməyimdən, zəif qidalanmağımdan irəli gəlirdi. Bəlkə də səhv edirəm, amma başıma bunlar gəlmişdi. Sonra şərait elə gətirdi ki, mən bir də 24-cü həftə də həkimə gedə bildim və artıq çəkim normal görünürdü: 58 kq. Mənə az kimi görünsə də (kökəlməyə meylli orqanizmim olduğu üçün), həkim dedi ki, olduqca yaxşı gedirsən. 28-ci həftədə 59 kq, 32-cuda 61 kg, 34-də 62 kq, 36-da 62.7 kq, və 39-da artıq 64 kq idim. Aldığım çəki çox ideal səviyyədə idi ki, bu da məni çox təəccübləndirdi. Mən loru dildə desək “şişib dama dönəcəyimi gözləyirdim” bu period ərzində. Amma bu baş vermədi. Onu qeyd edim ki, kökəlməyim deyə heç nə etməmişəm bu 9 ay ərzində. Ürəyim nə istəyib, nə vaxt istəyib yemişəm, yemək porsiyalarım 6-7 ay ərzində normalda nə qədər yeyirdimsə o qədər idi, çünki o qədərlə doyurdum. Son aylarda 1.5 porsiya yeməyə başladım, çünki artıq doymadığımı hiss edirdim və ac olanda mən, o mən deyiləm deyə artıq yeyirdim )) Bir məqam var ki, tez-tez acıyırdım 3-cü trimestrdən etibarən, ağzım elə hey nəsə axtarırdı yeməyə, o zaman da həmişə yemək yemirdim, meyvə, tərəvəz, qoz-badam, südlə yarma (xlopya), ya da ən çox tərəvzli sendviçlər hazırlayıb yeyirdim. Yəni yağ yox, vitamin qazanmağa çalışırdım. İdmanla və ya yoqa ilə heç məşğul olmamışam nə hamiləlik ərzində, nə də ümumiyyətlə, müntəzəm idmanla, fitneslə məşğul olan biri deyiləm. Məni ömür boyu saxlayan gəzmək olub, uzun məsafələri piyada gəzərək qət etmək (amma daha bulvar da gəzirmiş kimi deyil bu, nə də ki qaçmaq deyil, sadəcə nisbətən sürətli gəzinti). Həftənin ən az 5 günü, gündə 30-60 dəqiqə gəzirdim, evdə də oturub-uzanıb qalan deyil, aktiv, ayaqüstə olurdum. Ancaq çox yorulduğumu və ya belimin artıq ağrıdığını hiss edəndə uzanırdım. Düzdür, məndən də aktiv hamiləlik keçirib məndən çox kilo alan insanlar da tanıyıram, əvvəldə də dediyim kimi bu 80% qadının fərdi orqanizmi ilə əlaqəli bir məsələdir. Amma sadəcə sizinlə öz təcrübələrimi və bildiklərimi paylaşmaq istədim. Mövzumuz müzakirəyə açıqdır. Öz fikirlərinizi, başınızdan keçənləri və suallarınızı paylaşaraq şirin söhbətə qoşulmağa dəvət edirəm hamınızı. Hörmətlə, Aytən H. Qədirova |