Bugün sizə Aydana verdiyim yuxu təlimindən bəhs edəcəyəm. Bu mövzu haqqında iki yazı yazacağam:
ilki, Aydana gecələr yatmağı necə öyrətdim, digəri isə ona öz-özünə yuxuya getməyi necə öyrətdim. Başlayaq doğulduğundan bəri gündüzlər mışıl-mışıl yatıb gecələr mənə qan udduran, səhər tezdən işə getməli olan atasını yuxu üzünə həsrət qoyan, axşamüstü 5-6 radələrində oyanıb gecə saat 4-5- dən, hətta bəzən 6-7dən tez yatmayan Aydanın ilk təlim macəralarından. İlk 3 ay dedim ki, körpədir, hələ bu dünyaya təzə gəlib, öyrəşməyə çalışır, dəyməyim, incitməyim, 4-5 ayından başlayaram ona nəyisə öyrətməyə. Odur ki, aylarla gecə 5-6da yatıb günorta 4-5də ancaq dururduq. Bəxtim gətirdiyi günlərdə bu qədər saat ancaq yeyib yatırdı, bəxtim gətirmirdisə, arada oyanıb yenə 2-3 saat oyaq qalırdı. Bir-iki dəfə olub ki, qoymuşuq ağlasın 15 dəqiqə bəlkə öz-özünə yuxuya gedər, amma 40 dəqiqə bezmədən ağladığı olub. O gecələri, o gecələrdə mənim ruh halımı, mənəvi və fiziki yorğunluğumu sözlərlə ifadə etmək olduqca çətindir. Oturub Aydanla birlikdə hönkür-hönkür ağladığım da olub, onu səbrlə yatırdıb sonra tək ağladığım da olub, "Ay Allah, mən kimə nə pislik etmişəm ki, məni belə cəzalandırırsan?" deyə üsyan etdiyim də olub. Düşünün, bir körpənin sakitləşməsi üçün nə bilirdimsə, nə deyilirdisə, nə oxuyurdumsa, hamısını edirdim, amma heç bir şey nəticə vermirdi, qucaqda gəzdirməkdən başqa. Bələyirdim, 15 dəqiqə sonra bələyi açıb tökürdü, musiqini vecinə almırdı, qucaqda uzandırıb gəzdirirdik, 5 dəqiqə yuxuya gedirdi amma yerə qoyan kimi yenə oyanıb ağlayırdı, nə lay-lay oxumaq, nə ayaqda yellətmək, nə yüngülcə sinəsinə əlimi vura-vura kuş-kuşlamaq, sığallamaq, əzizləmək və daha nələr-nələr ya heç bir nəticə vermirdi, ya da 10-15 dəqiqəlik nəticələr verirdi. Gün olurdu ki, 12-15 saat ərzində cəmisi yarımca saat yatırdı. O zamanlar özümü çox çarəsiz hiss edirdim, elə bilirdim ki, mən yaxşı ana ola bilmirəm, qızım bizdən nə isə istəyir, nə isə dərdi var, amma mən başa düşüb onun ehtiyacını ödəyə bilmirəm və ona görə o, həmişə narazıdır məndən. Psixoloji baxımdan ilk 4 ay mənim üçün çox əziyyətli keçdi. Aydan 4-cü ayını tamamladığı gün dedim ki, daha belə olmaz! Artıq kifayət qədər böyüyüb və təlimlərə başlaya bilərəm. Açığı deyim ki, 3-cü aydan sonra da belə düşünürdüm, amma internetdə oxuduğum və izlədiyim məlumatlara əməl edəcək mənəvi və fiziki gücüm, motivasiyam yox idi, ona görə də 1 ay birtəhər özümü toplamağa çalışdım və 5-ci ayın ilk günündən etibarən qərarlı şəkildə fəaliyyətə başladım. Ətrafımdakı təcrübəli gənc analardan məsləhət aldım və yuxu dərmanı istisna olmaqla, 99.9% hamı eyni üsulu tövsiyə etdi. Qeyd edim ki, Aydanın yatmadığı vaxtlarda yuxu dərmanı ətrafında xeyli məsləhət-müzakirə olmuşdu, amma sonda ürəyimiz gəlmədi körpəyə dərman verməyə. Belə ki, çoxsaylı metod məsləhətinin xülasəsi, körpəni gündüzlər oyaq tutmaq, oynamaq, qısa yuxular yatmasına icazə vermək, onunla oynayaraq, gəzməyə çıxardaraq gündüzü başa salmaq, axşam 6-dan sonra yatmasına icazə verməyib birtəhər oyaq tutmaq, xeyli yormaq və 11 radələrində gecə yuxusuna yatırmaq idi. Bu metodda bəzi məqamlar mənim internetdə pediatrlar və ya körpə yuxusu təlimçilərindən aldığım məlumatlarla zidd olsa da, təcrübə daha əsasdır deyə ilk gün yuxarıda deyilənlərə əməl edərək sınaq keçirdim. Həmin gün anladım ki, Aydan əslində tez götürümlü uşaqdır, çünki ilk gündən xeyli irəliləyiş qət etdik. Amma təbii ki, hər körpə individual olduğu üçün heç bir metod hər körpəyə eyni dəqiqliklə işləmir, ona görə də səhəri gün artıq Aydanın verdiyi işarələr əsasında qrafikdə dəyişikliklər etdim və bir neçə gün ərzində artıq günlük rutinimiz formalaşdı. İlk günlər gecə saat 2-yə qədər oyaq qalırdı, 3-4 gün sonra 2 oldu 1, 1 oldu, 12, 12 oldu 11. Yəni 2-3 həftə ortalama bu templə yatıb-durduq. Düzdür, bu günümüzə də şükür deyirdim, amma Aydanın axşam 11-də yatması məni qane etmirdi. Çünki pediatrların məsləhəti və YouTube-da izlədiyim anaların etdikləri əsasında görürdüm ki, bu yaşda uşaqlar 10-dan gec olmamaq şərtilə, ən arzuolunanı isə axşam saat 7-8 arasında yatmalıdırlar. Çünki bu yaşda körpələrin böyüklər kimi gecə 7-8 saat deyil, 10-12 saat yuxuya ehtiyacı var. Amma nə etdimsə, Aydanı axşam o saatlarda uzun yuxuya yatıra bilmədim. O saatda yuxusu gəlsə də, yatıb 1 saat sonra dururdu və bir də 1-2də yatırdı. Belə ki, ilk başlarda Aydanın gündəlik yuxu rejimi belə formalaşdı: 1. Səhər 7-8 radələrində özü oyanırdı; 2. Oynayırdıq, qucağımda gəzdirirdim, onunla danışırdım, qıdıqlayırdım, oyun döşəkcəsinə uzadırdım, aktivlik zamanı olduğunu başa düşsün deyə. Ya gəzməyə çıxırdıq, ya da pəncərəni açırdım ki, bayırda aydınlıq olduğunu görsün, və danışaraq da bunu ona başa salırdım. 3. İlk yuxusu 1.5-2 saat sonra gəlirdi adətən. Yeyib yatırdı. 4. Bu yuxunu nə qədər istəyirsə yatmasına icazə verirdim, təxminən 2.5 saat yatırdı. 5. Sonra yenə 2-ci punktdakı fəaliyyətləri yerinə yetirirdik. 6. İkinci gündüz yuxusu 2-2.5 saat sonra gəlməyə başlayırdı. Yeyib yatırdı. 7. Bu yuxunun 1, maksimum 1.5 saatdan çox olmamasına çalışırdım. Çox yatırdısa, otağına girib danışırdım, şkafları, qapıları açıb, otaqda iş görərək səs salırdım, Aydanın adını çağıraraq onu oyatmağa çalışırdım. Reaksiya vermirdisə, üstünü açırdım, bədənini sığallaya-sığallaya zorla da olsa oyadırdım. 8. Yenə aktivliklərimizi yerinə yetirirdik. 9. Aydan 3-cü yuxunu da yatırdı mütləq. Bu yuxu adətən 20-40 dəqiqə arası olur və mənim müdaxiləmə ehtiyac qalmadan özü oyanırdı. 10. Bura qədər hər şey əla olsa da, çox təəssüf ki, gecə yuxusu ancaq 4-5 saat sonra gəlirdi, yuxusu gəlməyə başlayandan sonra 2 saat əsnəmək prosesi, qaz çıxartmaq, hıçqırmaq, oynamaq, pampersi batırmaq, qarnı üstə uzanıb oynamaq, asqırmaq, öskürmək - yəni hər şey baş verirdi, təki yatmaq olmasın. :))) **Gecələr təbii ki, oyanırdı, adətən, yeyib yatırdı, bəzi bəxtim gətirməyən günlərdə 1-2 saat oyaq qalırdı, amma ağlamırdı, özü üçün oynayır, mırıldanırdı. Qətiyyən onu oynatmırdım, üzünə gülmürdüm, işığı yandırmırdım. Sadəcə ağlamağa başlayanda qucağıma alıb sakitləşdirirdim. Əslində bu rejim sayəsində mən də bir az özümə gəldim, mənim də yuxu rejimim düzəldi və səhərlər tez durduğum üçün daha məhsuldar bir gün keçirməyə, gün ərzində özümü daha gümrah hiss etməyə və gecələr də yuxum daha tez gəlməyə başladı. Tam da Aydanı özü yuxuya getməyə öyrətmək haqqında düşünməyə başlayırdım ki, bütün əməklərimi boşa çıxaran bir hadisə baş verdi: Aydan soyuqladı, xəstələndi, öskürək, az-maz qızdırma, burun axması, beləcə Aydanın gün ərzində kefsiz, narahat olması, çox yatmaq istəməsi, xəstədir deyə nə vaxt və nə qədər istədi yatmağına icazə verməyimlə 10 gün bu rejimsizlikdə hər şey yerlə bir oldu. Yenə başlandı gecə 3-4də yatmaqlar, və ən pisi də məhz bu periodda baş verdi. Aydan qucaqda yatmağa, əmərək yuxuya getməyə, və ayaqüstə gəzərək, yellənərək yemək yeməyə öyrəşdi. Bunlardan asılı hala gəldiyi üçün normalda gecələr 3-4 saat aralıqsız yatan Aydan indi hər yarım və ya 1 saatda bir oyanıb ağlamağa, sinə əmməyə başladı. Elə olurdu ki, 15-20 dəqiqədən bir də oyanırdı. 2 saata ancaq yuxuya gedirdi, onu qucağımda gəzdirməkdən kürəyimdə donqar çıxmışdı üç günün içində, gün ərzində də mız-mızlanmaq sədaları dayanmırdı. Bunlar da mənim əsəb sistemimi iki gündə məhv etdi və məndə bir çimdik də olsa, səbr qoymadı. Bu problemlərlə necə başa çıxdığımı, yenidən necə özümüzə döndüyümüzü də növbəti yazımda paylaşacağam. Çünki prosesə iki gündür başlamışam və bir müddət də nəticələri müşahidə edib sonra sizinlə paylaşmaq istəyirəm. Allah hamımıza səbr və iradə versin! Körpələrimizi "happy baby" edə bilmək üçün indi ehtiyacımız olan bunlardır! Hörmətlə, Aytən H. Qədirova
0 Comments
Leave a Reply. |