Psikolojik durumlar ne alemde?.. Səbirsizliyin ən pik nöqtəyə çatdığı gündür bu yəqin ki. Çünki hələ hamiləliyin ilk rübündəki ultrasəs müayinəsində həkim sizə deyir ki, son tarix 28 iyuldur. Siz də ailəlikcə o günü dörd gözlə gözləyirsiz aylardır, bugün də o gündür, gəl gör ki, körpənin yeri bətninizdə yaman rahatdır. Amma sizə özümün də əməl etmək üçün böyük səylə çalışdığım bir məsləhət deyim: Keep calm and relax! ))) Dincliyinizi qoruyun və özünüzü rahat buraxın! Çünki əslində beynimizdən ifraz olunan hormonların da doğumun başlamasına böyük təsiri var. Siz daima doğum barədə düşünüb nigaran qaldıqca, səbirsizləndikcə, gərginləşdikcə, doğum da o qədər ləngiyir. Ona görə də bu günlərdə çalışın sizi rahatladan, fikrinizi yayındıran məşğuliyyətlərə daha çox vaxt ayırın: özünüzə qulluq, təmiz havada yeriyiş, sevdiyiniz musiqi alətində saatlarla ifa etmək, yoldaşınız və da rəfiqələrinizlə evdən kənarda vaxt keçirmək, ilıq bir duş, insanın əhvalını qaldıran filmləri izləmək və daha neçə-neçə insandan-insana dəyişən yolları var özünü rahatlatmağın. Məncə, artıq YouTube-da bloqerlərin paylaşdıqları doğum videoları, epidural anesteziya, normal doğum, hamilə çantamda nələr var, travmatik doğum hekayəm, doğumda və sonrasında başıma gələnlər mövzulu videoları da izləməyi dayandırın!!! Yəni şəxsi təcrübəmə dayanaraq deyim ki, 39-cu həftəyə qədər bunlar beyinə informasiya yığmaq xarakteri daşısa da, 39-dan sonra hələ də gözləmə mövqeyindəsinizsə, artıq bu videolar sizi streslə yükləməkdən başqa bir işə yaramır. Bu ərəfələrdə sözsüz ki, sizinlə və körpənin gəlib-gəlmədiyi ilə hər gün maraqlanan yaxınlar-dostlar olacaq. Təbii ki, 10 gündür hər gün eyni suala dəfələrlə eyni cavabı vermək məcburiyyətində qaldığınız üçün bir az özünü pis hiss edə bilərsiniz, amma tövsiyəm, bu sualları çox da ürəyinizə yaxın buraxmayın. İşə "məni çox istəyən nə qədər insan var?!" tərəfdən yanaşın və "hələ də gözləyirik nazlı balanı" cavabı ilə kifayətlənib mövzunu dəyişin. Əgər "eeey, ah, uufff, puuff, nə vaxt gələcək bu uşaq??" deyə həm öz beyninizi yeyib, həm də ətrafdakılara gileylənsəniz, bütün gün elə o negativ enerji "modu"nda da qalacaqsınız. Qısacası, mən bu son 2 həftədə yaşadıqlarımdan, daha doğrusu, hiss etdiklərim və fikirləşdiklərimdən belə nəticəyə gəldim ki, bu son günlər bizim psixologiyamız korlanmağa türklər demiş, gayet müsait. Ona görə də, öz qayğınıza ən çox qalmalı olduğunuz, ətrafınızdakıların da sizin həyəcanınıza ən çox anlayış göstərməli olduğu zamanlardır bunlar. Son bir məqama da toxunaraq, bu mövzunu yekunlaşdırıram. Təkcə hamiləlikdə deyil, ümumiyyətlə, insan beynini ən rahatladan, onu həm yoraraq artıq fikirləri unutduran, həm də enerji verən üsullardan biri təbii ki, idmanla məşğul olmaqdır. Sizinlə paylaşdığım bu videoda isə bədəninizi normal doğuma hazırlamağa kömək edən, ev şəraitində çox asanlıqla edə biləcəyiniz bir neçə idman hərəkətləri göstərilir. Olduqca sadə və təhlükəsiz olan bu hərəkətlərə elə bugündən başlayaraq gündə bir 10-15 dəqiqənizi ayırın. Əgər gecələr çətin yuxuya gedirsinizsə, bunları etdiyiniz günün gecəsi başınızı yastığa qoyan kimi mışıl-mışıl yatacaqsınız. Bir də burada moruq yarpağı çayınında doğuma hazırlıq üçün bir vasitə olduğu deyilir. Bircə onu sınamamışam, amma bugündən başlayacam. Bəs siz son həftələrinizdə ən çox hansı fikirlərdən əziyyət çəkirdiniz və bunların öhdəsindən necə gəlirdiniz? Fikirlərinizi bölüşməyi unutmayın ;) Hörmətlə, Aytən H. Qədirova
2 Comments
Elvira
7/29/2017 06:05:59 am
Cox nazli qizdi)Hec cur gelib cixmaq bilmir))
Reply
Aytan H. Gadirova
7/31/2017 02:45:20 pm
Uje hamı deyir adını Nazlı qoyun :DDD
Reply
Leave a Reply. |