Bugün sizinlə bir az hamiləliyin ən hit məsələsi barədə danışmaq istəyirəm; bəzi xanımların qorxulu yuxusu, bəzilərinin isə heç vecinə də almadığı bu qəliz, həm də vacib məsələ ÇƏKİ ARTIMIdır. Əvvəlcə onu qeyd edim ki, hamiləlikdə çəki artımı qaçılmaz bir hadisədir, buna bütün ana olmağı istəyən xanımlar hazır olmalıdır. Yəni əvvəldən özünüzü psixoloji baxımdan hazırlayın ki, hamiləlik dövründə onun hirsini, stresini çəkmək sizə və körpənizə qətiyyən lazım deyil. Bunun üçün sizə tək şey bir deyə bilərəm ki, hamiləlikdə əksinə kökəlməmək anormallıqdır, həkimlər qeyd edirlər ki, çəki artımı olduqca arzuolunandır. Sağlam qidalar yemək şərtilə aclığınızı yatıracaq qədər yemək yemək sizin və körpənizin tələbatlarını ödəmək üçün mütləqdir. Burada söhbət “Sən artıq iki canlısan, iki nəfərin yerinə yeməlisən”dən getmir qətiyyən, mədəniz tutan və doyduğunuz qədər yeməlisiniz. Dieta saxlamaq olmaz! O ki qaldı, kimisi çox kilo alır, kimisi az, bu tamamən, orqanizmdən asılıdır. Hər bir qadının orqanizmi fərqli fəaliyyət göstərdiyi üçün hamımız fərqli miqdarda çəki artımı ilə tamamlaya bilərik bu periodu. Onu da deməliyəm ki, hamiləliyin ilk həftələrində, hətta ilk trimestrda (ilk 3 ayda) ürəkbulanma və qusma halları ilə əlaqədar çəki itkisi ola bilər ki, bu sizi çox da narahat etməsin. Çəki ilə əsas göstəricilər hamiləliyin irəliləyən dövrlərində daha müntəzəm olacaq. Söhbəti çox uzatmadan ilk öncə sizinlə aşağıda gördüyünüz çox maraqlı çəki artımı faktları barədə danışıb, ordan da qısaca bu mövzu barədə öz təcrübələrimi paylaşmaq istəyirəm. Bu şəkildə hamiləliyin 40 həftəsi ərzində 12.5 kq artmış olan çəkinin orqanizmdə necə paylandığı gözəl izah olunur. 12 kq belə qulağa dəhşətli artım kimi gəlsə də, bu şəkli görəndən sonra adamın ürəyi yerinə gəlir )))) 1) Maternal fat reserves: 3.345 q (27%) – analıqla əlaqədar olaraq bədəndə əmələ gələn yağ ehtiyatları; 2) Uterus: 970 q (8%) – Uterus, yəni uşaqlıq, və ya ana bətni adlandırdımız, el arasında “matka” olaraq da bilinən, içində körpəmizin böyüdüyü orqan; 3) Amniotic fluid: 800 q (6%) – Bətnin içərisində olan və körpəni əhatə edən amniotik maye; 4) Extravascular fluids: 1.480 q (12%) – Qan və ya limfa damarlarına daxil olmayan, onlardan kənarda bədənimizdə toplanan suyun miqdarı; 5) Breasts: 405 q (3%) – Süd vəzilərinin inkişafı ilə əlaqədar böyüyən sinələr; 6) Placenta: 650 q (5%) – Cift; 7) Baby: 3.400 q (27%) – Körpənin çəkisi; 8) Blood: 1.450 q (12%) – Qan. Bu mənim hamiləliklə əlaqədar indiyə qədər qarşıma çıxan ən informativ fakt idi bəlkə də. Çünki çəkini sadəcə yeməkdən qazanmadığımızı, biz yeməkdən çəkinsək də, bu kilonu alacağımıza 100% zəmanət verən faktlardır bunlar. Şəxsi təcrübəmə gəlincə: Mən hamiləliklə bağlı ilk dəfə həkimlə 11-ci həftədə görüşdüm. Bu zaman çəkim 57 kq göstərsə də, ondan cəmi 3 həftə sonrakı ziyarətimdə 54 kq göstərdi tərəzi. Düzdür, buna tibb bacısı özü də təəccübləndi, fikirləşdi ki, bəlkə ilk dəfə çəki ölçümündə nəsə yalnışlıq olub, o məsələ eləcə qaranlıq qaldı)). Amma sonradan bu barədə məlumatlandıqca belə bir nəticəyə gəldim ki, böyük ehtimalla çəkidə hər şey doğru idi və çəki itkisi ilk trimestrdə mənim canıma od qoyan ürəkbulanma və qusma halları ilə əlaqədar yediyimin qayıtması və ürəkbulanmaya səbəb olduğu üçün iştahla hər yeməkdən yeyə bilməməyimdən, zəif qidalanmağımdan irəli gəlirdi. Bəlkə də səhv edirəm, amma başıma bunlar gəlmişdi. Sonra şərait elə gətirdi ki, mən bir də 24-cü həftə də həkimə gedə bildim və artıq çəkim normal görünürdü: 58 kq. Mənə az kimi görünsə də (kökəlməyə meylli orqanizmim olduğu üçün), həkim dedi ki, olduqca yaxşı gedirsən. 28-ci həftədə 59 kq, 32-cuda 61 kg, 34-də 62 kq, 36-da 62.7 kq, və 39-da artıq 64 kq idim. Aldığım çəki çox ideal səviyyədə idi ki, bu da məni çox təəccübləndirdi. Mən loru dildə desək “şişib dama dönəcəyimi gözləyirdim” bu period ərzində. Amma bu baş vermədi. Onu qeyd edim ki, kökəlməyim deyə heç nə etməmişəm bu 9 ay ərzində. Ürəyim nə istəyib, nə vaxt istəyib yemişəm, yemək porsiyalarım 6-7 ay ərzində normalda nə qədər yeyirdimsə o qədər idi, çünki o qədərlə doyurdum. Son aylarda 1.5 porsiya yeməyə başladım, çünki artıq doymadığımı hiss edirdim və ac olanda mən, o mən deyiləm deyə artıq yeyirdim )) Bir məqam var ki, tez-tez acıyırdım 3-cü trimestrdən etibarən, ağzım elə hey nəsə axtarırdı yeməyə, o zaman da həmişə yemək yemirdim, meyvə, tərəvəz, qoz-badam, südlə yarma (xlopya), ya da ən çox tərəvzli sendviçlər hazırlayıb yeyirdim. Yəni yağ yox, vitamin qazanmağa çalışırdım. İdmanla və ya yoqa ilə heç məşğul olmamışam nə hamiləlik ərzində, nə də ümumiyyətlə, müntəzəm idmanla, fitneslə məşğul olan biri deyiləm. Məni ömür boyu saxlayan gəzmək olub, uzun məsafələri piyada gəzərək qət etmək (amma daha bulvar da gəzirmiş kimi deyil bu, nə də ki qaçmaq deyil, sadəcə nisbətən sürətli gəzinti). Həftənin ən az 5 günü, gündə 30-60 dəqiqə gəzirdim, evdə də oturub-uzanıb qalan deyil, aktiv, ayaqüstə olurdum. Ancaq çox yorulduğumu və ya belimin artıq ağrıdığını hiss edəndə uzanırdım. Düzdür, məndən də aktiv hamiləlik keçirib məndən çox kilo alan insanlar da tanıyıram, əvvəldə də dediyim kimi bu 80% qadının fərdi orqanizmi ilə əlaqəli bir məsələdir. Amma sadəcə sizinlə öz təcrübələrimi və bildiklərimi paylaşmaq istədim. Mövzumuz müzakirəyə açıqdır. Öz fikirlərinizi, başınızdan keçənləri və suallarınızı paylaşaraq şirin söhbətə qoşulmağa dəvət edirəm hamınızı. Hörmətlə, Aytən H. Qədirova
0 Comments
Leave a Reply. |